Mənim evim - Seyranə

 Bu gün çoxlarına maraqlı gələn evimizin proyekti haqda danışacam. 

Mənzilimiz bina evinin sonuncu mansard mərtəbəsində yerləşir. Ona görə alışdığımız proyektlərdən bir qədər fərqlidir. Gələcəkdə mansardalı ev alanlara məsləhət edərdim ki, dama, onun izolasiyasına, keyfiyyətinə və s. xüsusi diqqət yetirəsiniz. Əks halda, yağış yağanda siz onu birinci hiss edəcəksiniz. Mansardanın mənim üçün yeganə mənfi cəhəti balkonun olmamasıdır. Bir də, pəncərə formasının standart olmamağı pərdə seçimi zamanı bir az çətinlik yaratdı. 

Hündür tavan, oval pəncərələr isə mansardanın ən sevdiyim özəlliyidir. 

Evimizin original planında mətbəxdə pəncərə olmayacaqdı, təbii işıq fanatı kimi mən ona heç cür razı ola bilməzdim =) Ona görə də planı bir qədər dəyişdirib, mətbəx-studiya etmək qərarına gəldik. 

Birbaşa deyim ki, aspirator işlətdiyimizə görə evdə yemək qoxusu olmur. Studiya uşaqlı evdə də çox əlverişlidir - yemək bişirərkən oğlum gözümün qabağında olur, rahat işlərimi görə bilirəm. 

Yeganə mənfi cəhət - mətbəxi həər zaman təmiz saxlamaq lazımdır, qablar yığılanda artıq üzdə olur hər şey. Amma mənim kimi perfeksionistsinizsə, sizdə də belə hallar yaranmayacaq. Xasiyyətim imkan verməz mənə kirli qab saxlamağa.

   Evimizin bir nöqtəsində tavan lap hündür, təxmini 6 metrə yaxın idi. Bu qədər hündürlüyü boşuna saxlamayıb, həmən yerdə ikinci mərtəbə etdik. Bu da çox əlverişli variantdır, artıq sahə heç kimə mane olmaz :) İkinci mərtəbənin şəkli yoxdur, çünki ... orada hələki çəkiləsi heç nə yoxdur. 

İndi keçək əsas məsələyə. Təmir! Bu 5 hərf adamı istər-istəməz yüngül panikaya salır. Təmirin çox çətin və üzücü bir prosesə çevrilməməsi üçün bir neçə sadə məsləhət verə bilərəm:

Hər bir təmir dəqiq ideyalardan başlamalıdır. İşə başlamazdan öncə artıq nəyi necə görmək istədiyinizə qərar verin ki, sonradan gec olmasın. 

Boya və ya divar kağızı seçərkən xahiş edin ki, onun kiçik nümunəsini sizə versinlər. Qərar verməzdən öncə onu öz evinizdə təbii işıqla nəzərdən keçirin.

Əsas material və cihazlarda ekonomiya etməyin. Keyfiyyət hər zaman uzunömürlük deməkdir. 

Evinizin istənilən yerində çox kiçik də olsa anbar etmək mümkündürsə, mütləq edin! Tozsoran, süpürgə, vedrələr üzdə olanda elə də yaxşı görsənmir. Biz evdə pilləkanın altında etdik. 

   Bakıda çeşid çoxdur, amma sadə, heç bir naxışı, zəri olmayan materiallar tapmaq elə də rahat iş deyil. Biz hər şeyin ən sadəsini istəyirdik - divar kağızından tutmuş, pərdəsinə kimi. 

Mən ağ divarlar istədiyimi deyəndə hamı mənə poker face baxdı ki, bütün evi ağ etməkmi olar, xəstəxanaya bənzəyəcək =D

Düzdür, nəticədə divarları düm ağ etmədik, yataq otağında çox açıq lilac rəngi, digər otaqlarda isə açıq boz rəngi seçdik. Amma yenə də çalarları o qədər açıqdır ki, uzaqdan ağ rəngə bənzəyir. Divar kağızının üstündən xüsusi boya çəkilib deyə çox gözəl effekt verir.

Divarlarınızı ağ rəngə boyamaqdan qorxmayın, çoxsaylı detallar otağa rəng qatacaq mütləq. Ağ və ya digər açıq rənglərlə işləmək isə çox rahatdır, istədiyiniz qədər rəngli detallar əlavə etsəzəniz belə, qarışıqlıq görsənməyəcək. 

Daha bir vacib məsələ - mebel. Bu yöndə də çeşid həddindən artıq çoxdur. Amma sadə, göz yormayan mebellərə rast gəlmək çətindir.

Mətbəx mebeli ağ rəngdə olduğundan, qonaq otağını daha kontrastlı etmək istəyirdik. Ümumiyyətcə kontrastı sevirəm. Uzun axtarışlardan sonra qonaq otağımızı Doğtaş, divan və kreslomuzu Classi mağazalırdan aldıq. Bakıda ən bəyəndiyim iki mağazadır. Həmçinin Lutra və Yataş da çox bəyənirəm.

Mətbəx, yataq və uşaq otaqlarını isə sifarişlə düzəltdirdik və heç peşiman olmadıq.

Evə xüsusi gözəllik verən detalları da unutmayaq. Bu, dibçək gülləri, çərçivələr, posterlər, şamdanlar, rəngli yastıq və yorğanlar, xaricdən gətirdiyiniz suvenirlər və s. ola bilər. 

Biz detalları sevsək də, hər şeydə minimalizm xoşlayırıq. Həm uşağa qaçıb-oppanmağa çox yer olsun, həm də evdə artıq toz yığılmasın deyə evimizi həddindən artıq da yükləmək istəmədik.

Xüsusən də uşaq otağını. 

Pərdə sifarış edərkən də yalnız günlük və tül istədik. Fikrimcə, ağır dekor pərdələr otağı boğur. Xalça isə elə də xoşlamıram, ona görə yalnız 1 dənə almışıq, o da divanın önündəki şəkillərdən görə biləcəyiniz xalçadır. Çox sevirəm onu, rəngləri sanki zalı tamamlayır.

   Yaxınlarda interyerdə bəzi yeniliklər etmək fikrindəyik, təbii ki, nəticəni sizinlə bölüşmək şərti ilə :) 

   Bu məqaləlik bu qədər, inanıram ki, sizin gələcək eviniz üçün faydalı məlumatlar oldu. Yeni evinizdə hər şey ürəyinizcə olsun ❤