Antiutopiya janrında 6 seçilmiş əsər

Bugündən etibarən hər həftə sizin üçün fərqli janrlarda kitab siyahısı tərtib edəcəyik. Bu dəfə özümün şəxsən çox sevdiyim antiutopiya janrının əsərlərini təqdim edəcəyəm.

Antiutopiya nədir? İdeal aləmi təsvir edən utopiyadan tamam fərqli olaraq, müəllifin təxəyyüldə olan gələcəyə kritik münasibəti, mövcud olmayan və olmağı belə mümkün olmayan totalitar cəmiyyətdən bəhs edən xüsusi istiqamətdir. Antiutopiyada gələcəyi olmayan gələcək təsvir olunur.

Corc Oruel "1984" - Bu roman yazıçının yaradıcılığının zirvəsidir. Bu kitab kontrol, bütün insani hisslərin məhvi və nifrət dünyasında sağ qalmaq cəhdləri haqqındadır. İnsan istənilən günah üçün çəkəcəyi cəza qorxusunda yaşayır. Cəmiyyət daha az düşünsün deyə dil, kitab və qəzetlər yenidən yazılır, xəbərçilik edənlər mükafatlandırılmaqla daha da həvəsləndirilir, ən yaxın insana belə xəyanət adiləşir. Müqəddəs heç nə qalmır və yaşamağa səbəb belə qalmır. 

Rey Bredberi  "Farenheyt Üzrə 451 Dərəcə" - Bu dərəcə kağızın alovlanıb yandığı hərarətdir. Roman kitabların qadağa altında olduğu, yaxın gələcəyin Amerika cəmiyyətini təsvir edir. "Yanğınsöndürənlər" tapdığı hər bir kitabı yandırır.  Onlardan biri də Qay Monteqdir. O, romanının gedişatında özünün də aid olduğu cəmiyyətin ideallarında məyus olur, qaçaraq marginallardan ibarət kiçik, gizli qrupa qoşulur. Onlar gizlətdiyi kitabların mətnlərini əzbərləyərək, gələcək nəsilləri üçün xilas edirlər.

Yevgeniy Zamyatin  "Biz" - Bu romanda 26-cı əsrin sakinləri öz individuallıqlarını, şəxsiyyətlərini o qədər itiriblər ki, artıq yalnız nömrələr üzrə fərqləndirilirlər. Onlar şüşə evlərdə yaşayır, bu isə siyasi polislərin asanlıqla onlara nəzarət etməsinə imkan verir. Hər kəs eyni uniformanı əynində daşıyır və adətən bir-birinə "filan nömrə" və ya "yunifa" (uniforma) deyərək müraciət edir. Süni qida ilə qidalanıb, Vahid Dövlətin himninin sədaları altında sıra ilə yürüş edirlər. Dövlətin rəhbərlik edən prinsipi ondan ibarətdir ki, xoşbəxtlik və azadlıq birlikdə mövcud ola bilməyəcək şeylərdir. İnsan Ədəmin bağında xoşbəxt idi, amma ağılsızcasına öz azadlığını tələb etdi və səhraya qovuldu. Hal-hazırda Vahid Dövlət ona yenidən xoşbəxtlik bəxş etdi. Amma azadlığını əlindən aldı...

Oldos Haksli "Yeni cəsur dünya" - Bu yeni dünyada heç bir problemə yer yoxdur. Ağrı, qəm, kədər burada mövcud deyil. Dünyaya gələn andan burada hər kəsin beyninə yeridilir ki, sən ən yaxşı birisisən, hər şey məhz sənin üçündür. Birdən təsadüfən kefin pozulsa - problem deyil. Gələcəyin aptekinə xoş gəlmisiniz! 1-2 tablet içəndən sonra hər şey yenidən əla olacaq... 

Corc Oruell "Heyvanıstan" - Burada müəllif allegorik formada 1917-ci il Rusiya inqilabını təsvir edir. "Sakinlər", yəni mal-qara, özlərinə qarşı alçaq münasibət göstərən insanlara üsyan etdilər. Onlar insanları qovaraq özləri öz evlərinin sahibi olurlar. Beləliklə, donuzun başçılıq etdiyi respublika yaranır.  Heyvanların seçilməsi və təqdim edilməsi Corc Oruellin incə zəkasının mükəmməl təzahürüdü. 

Entoni Börces  "Mexaniki Portağal" - Bu, müasir totalitar cəmiyyətin gənc nəsli sözəbaxan, sakit "mexaniki portağal" lara çevirmək istəyinin qəddar satirasıdır. Ağıllı, qəddar və xarizmatik anti qəhrəman Aleks, küçə dəstəsinin lideridir. O, zorakılığı həyatın ən yüksək incəsənəti kimi təbliğ edir. Lakin, sonradan, cinayətkarların tərbiyələndirilməsinə yönəlmiş yeni dövlət proqramının dəmir qandallarına düşərək, özü də zorakılığın qurbanı olur.