Planetimizi birgə xilas edək.

Məni instagramdan izləyənlər bu haqda tez-tez danışdığımı bilir. Hələ çox danışacam. Hər danışanda 1-2 nəfər də olsa məni eşitsə, böyük bir şeydir. Təəssüf ki, bu mövzuda TV, xəbər portallarında çox az söhbətlər açılır. Hələ məktəb və universitetlərdən danışmıram... Ona görə də vəziyyətin nə dərəcədə acınacağlı olmağından çox insan xəbərdar deyil.
Biz insanların yaşadığımız Yer kürəsinə nə dərəcədə katastrofik ziyan verdiyimizdən xəbəriniz varmı? Buzlaqlar əriyir, dəniz və okeanlar plastik içində, heyvanların nəsli kəsilməkdə... biz isə hələ də öz işimizdəyik. 

Başa düşmürük ki, ətrafda baş verənlər bilavasitə özümüzə təsir edir və edəcək. Övladlarımızın, nəvələrimizin gələcəkdə necə bir planetdə yaşayacağını düşünəndə qorxuram.
Amma mövcud vəziyyəti dəyişdirmək üçün hələ gec deyil. Aşağıda yazılanlara əməl etsək, bir çox problemlərin aradan qaldırılmasına kömək etmiş olarıq.

  • Mağazaya öz çantamızla getmək.
  • Aldığımız bütün ərzaqları mağazada verilən plastik torbaya yox, öz eco çantamıza yükləmək. 
  • Otaqdan çıxarkən işığı və elektrik cihazları söndürmək.
  • Gündüz vaxtı mümkün qədər təbii işıqdan yararlanmaq.
  • Sudan qənaətlə istifadə etmək: çiməndə, dişlərinizi fırçalayanda su lazım olmadıqca bağlamaq kifayət edir.
  • Çilçırağın lampalarını  enerjiyə qənaət edən lampalarla əvəz etmək.
  • Plastik qablardan, truboçkalardan istifadə etməmək.
  • Yaxın məsafələrə maşınla yox, piyada getmək.
  • Suyu şüşə qablarda almaq.
  • Şüşə, kağız və plastiki təkrar emala təhvil vermək.
  • Batareyaları ayrıca yığıb, xüsusi yerə təhvil vermək. Bu, tullantıların ən təhlükəlisidir.
  • İmkan olduqda qabyuyan maşından istifadə etmək.
  • Əlimizlə qab yuyarkən 50 litrədək su istifadə olunduğu halda, qabyuyan maşında cəmi 5-6 litr olur.
  • Takeaway çay ya kofe alanda öz stəkanınızı aparmaq.
  • Kağızın hər iki tərəfini istifadə etmək.
  • Salfetlərdən qənaətlə istifadə etmək.
  • Lokal məhsullar almaq(sizin şəhərinizdə, ərazinizdə istehsal olunmuş).
  • Çünki, bu qida kimya emalı daha az keçir, və onun çatdırılmasına daha az enerji xərclənir.
  • Bu haqda danışmaq. Yaxınlarınızı xəbərdar etmək. Bu, ən vacib punktlardandır.

 

Əlbəttə, planeti qlobal şəkildə xilas etmək "sadə insan" üçün əlçatmaz bir şeydir. Lakin, bütün bu "sadə insan"lar birləşərsə və hər kəs özü üçün və ən yaxınındaki ekoloji mühiti üçün məsuliyyət  daşımağa başlasa - şansımız var. Ən azından gələcək nəslimizə təmiz vicdanla "Biz əlimizdən gələni etdik" deyə biləcəyik. Hər şeyin düzələcəyi ümidi ilə.