4 sadə və xeyrli səhər yeməyi

Bildiyimiz kimi səhər yeməyi gün ərzində yediyimiz ən vacib qidadır. Ona görə səhər yediyimiz yemək bol vitaminlərlə zəngin olmalıdır.

Bu dəfə sizə 5 xeyrli və tez hazırlanan səhər yeməyi resepti təqdim edəcəyik. 

Smoothie bowl

 

Bizə lazım olacaq:

 

  • 1 dondurulmuş banan
  • Bir ovuc çiyələk (digər giləmeyvə də olar)
  • Yoqurt
  • Bəzəmək üçün:
  • Çia toxumu
  • Kokos yonqarı
  • Meyvə dilimləri
  • Granola

Blenderə dondurulmuş banan və giləmeyvələri qatırıq

Hamısını qarışdırandan sonra alınmış smuzini kasaya tökürük.

Daha sonra zövqə görə üstünü bəzəyirik. 

Bu qədər sadə :)

Avokadolu tost

 

Bizə lazım olacaq:

  • Tost üçün çörək
  • 1 ədəd avokado
  • 1 ədəd pomidor
  • Yarım limon
  • Duz, istiot

 

Avokadonu çəngəllə əzirik. Üzərinə limon sıxıb, zövqə görə duz, istiot səpirik.

Öncədən qızardılmış tost çörəyinin üstünə avokadonu yaxıb, üzərinə nazik doğranmış pomidor dilimi qoyuruq.

İspanaqlı, göbələkli omlet

 

Bizə lazım olacaq:

  • 1 ədəd soğan
  • 300 q. göbələk
  • 2-3 dəstə ispanaq
  • 4 ədəd yumurta + 2 yumurtanın ağı
  • 125 q. Feta pendiri
  • Duz, istiot

 

Soğanı, göbələyi xırda doğrayıb zeytun yağında qızardırıq. 

 

Onlar qızarana kimi ispanağı yuyub 10 dəqiqə suda qaynadırıq. Qaynayandan sonra suyunu süzüb, sıxırıq. 

Daha sonra yumurtaları çalırıq. İspanağın suyunu süzüb, sıxandan sonra doğrayırıq və yumurta ilə bir yerdə qarışdırırıq. 

Duz, istiot əlavə edib, alınan qarışığı göbələklə soğanın üzərinə tökürük. 

Xırda kublarla doğranmış feta pendirini üzərinə səpib, üstünü bağlayıb 5-6 dəqiqə bişiririk.

Benedikt yumurtalı, qızıl balıqlı tost

 

Bizə lazım olacaq:

  • Qızıl balıq
  • 1 ədəd yumurta 
  • 1 ədəd avokado
  • Qaymaqlı pendir
  • Tost çörəyi
  • Rukkola

 

Tostu qızardıb üzərinə qaymaqlı pendir çəkirik. Daha sonra qızılbalığı 2-3 nazik dilim və avokadonu xalqalarla kəsib tostun üzərinə əlavə edirik. 

İndi isə benedikt üsulu ilə yumurtanı bişirmək vaxtıdır. Bunun üçün qazanda suyu qaynadırıq. Yumurtanı bir kasaya qırıb üzərinə duz istiot əlavə edirik. Qaynayan suda qaşıqla qıf yaradıb üzərinə çiy yumurtanı tökürük. 2 dəqiqə sonra yumurtanı kəfgirlə tuturuq və budur, benedikt yumurtamız hazırdır!

Onu da tostun üzərinə əlavə edib, rukkola ilə üstünü bəzəyirik. Nuş olsun!