Monteneqro

Yoldaşımla həmişə aktiv istirahətin tərəfdarı olmuşuq. Bu il qərara gəldik ki, passiv istirahəti seçək ki, həm mənəvi, həm də fiziki dincələk. Çox düşünmədən Montenegronu seçdik. Budva və Kotor arasında seçim edərkən isə, təbii ki, 2cini seçdik.

İstirahətimiz passiv olduğundan və həmişəki səfərlərimizdən fərqli olaraq daha az yer gəzdiyimiz üçün,fikrimcə, sizinlə bölüşəcəyim məlumat, sırf bizim kimi dəniz qırağında uzanıb dincəlmək istəyənlərə daha uyğun olar.

 

Biz Kotorda, Dobrota şəhərində qalırdıq. 

 

Harada yeməli?

 

“Mudra” - İtalyan şefinin yaratdığı dadlı və gözəl sənət əsərləri. Toyumuzun 4-cü il dönümünü məhz burada qeyd etdik. Həm mənzərəsi, həm mətbəxi əladır.

Qiymətlər - 2 nəfərə təxmini 200 euro.

“Konoba Portun” - Ən tez-tez gəldiyimiz restoran idi. Çox xoş personalları var. Dəniz məhsulları əladır! 

Qiymətlər - 2 nəfərə təxmini 40 euro.

 

 

“Palazzo Radomiri” butik otelinin restoranı - Çox gözəl atmosferi olan bu məkanda avokado tostu sifariş edin mütləq 😍

Qiymətlər - 2 nəfərə təxminən 25-30 euro.

 

 

“Tiha Noc” - Türk qardaşlarımızın özündə dünya mətbəxini cəmləşdirən restoranı. 

Qiymətlər - 2 nəfərə təxmini 30 euro.

 

 

“Al posto giusto” - Porto Montenegroda yerləşir, çox gözəl mənzərəsi var. Burada pizzanı əsl kömür peçində hazırlayırlar. 

Qiymətlər - 2 nəfərə təxmini 40 euro

 

“Regent” - qiymətlər baha, miqdar az, amma dad əladır. 

 

“Moritz” - Porto Montenegroda yerləşən çox dadlı dondurma. Yayın istisində idealdır. 

Qiymətlər - 3-5 € 

 

Hara getməli?

Kotor körfəzi sahili. Kiməsə maraqsız gələ bilər, amma mənim üçün çox gözəl və insana rahatlıq, sakitçilik gətirən bir yerdir. 

Günbatan vaxtda sahildə sadə piknik etməyi məsləhət görürəm.

Kotor qədim şəhər

Romanın darısqal küçələrini xatırladan, çoxlu suvenir mağaza və kafelərlə dolu olan bir yer.

 

Porto Montenegro

Montenegronun Avropanı xatırladan bu halını da görməlisiniz məncə. Çox gözəl ab-havası var.

Katerlə gəzinti

 

Mütləq belə gəzintiyə çıxın, heç peşiman olmayacaqsınız! Adətən belə turlar 2 cür olur - şəxsi tur(yalnız siz olduğunuz) və qrup tur (10-12 nəfərlik)

Biz qrup olanı seçdik, çünki belə daha maraqlı və sərfəli çıxır.

Katerlə gəzintinin ən əsas məqamı Blue Cave-dir(Mavi mağara). Bu, 3 saatlıq gəzintinin sonuncu və ən gözlənilən məntəqəsidir. Sözlə çatdırılmayacaq qədər gözəl bir yerdə yarım saat üzmək imkanınız olur. Odur ki, üzə bilmirsinizsə, çalışın o vaxta kimi öyrənəsiniz :) Həqiqətən bu ona dəyər.

Şoppinq

 

Şoppinq isə burada heç mümkün olan bir şey deyil. Düzü, biz sırf istirahət etməyə gəldiyimizə görə şoppinqə vaxtımızı sərf etmək istəmədik, amma gördüyümüz qədər onsuz normal heç nə tapmayacağımızdan əmin olduq.

 

Otel haqqında fikirlərim isə çox qarışıqdır, tam əminliklə məsləhət görmək istəmirəm.

Mənfi və müsbət tərəflərini yazacam, siz isə artıq özünüz qərar verin.

+

Otel, Huma Kotor Bay, 5 ulduzdur, yenidir və Kotorda ən yaxşılarındandır.

 

Şəxsi çimərliyi var. Digər çimərliklərdən fərqli olaraq təmizdir və adam çox deyil.

Gəzintilərimiz zamanı başqa çimərlikləri gördük və açığı, heç bəyənmədik. 

Səhər yeməyi yaxşıdır.

 

Nömrələr təmiz, zövqlü və işıqlıdırlar.

 

2 hovuzu var. Təmizdirlər. Lakin şəxsi fikirlərimə görə çalışıram hovuzlara az girim.

Biz dənizə baxan nömrə sifariş etmişdik, gələndə isə gördük ki, bizə tamam ayrı nömrə veriblər. Çoox uzun sözün qısası, administratorun söylədiyinə görə, booking zamanı dənizə baxan nömrə olub olmadığını xüsusi qeyd etmək lazımdır. Halbuki saytda belə bir bölmə yoxdur, nömrələrin tipi standart olaraq qeyd olunub.

-

Səhər yeməyindən başqa digər yeməklər elə də yaxşı deyildi. Düzdür, biz nahar və axşam yeməklərimizi oteldən kənarda edirdik həmişə. Amma 1-2 dəfə çimərliyə sifariş verdiyimiz yeməklərdən hər şeyi anladıq. Yemək ilıq, duzsuz və dadsız idi.

-

Otaqların yığışdırılması arzuolunan səviyyədə deyildi.

 

Bəzi xırda mənfi məqamlara baxmayaraq, istirahətimiz çox əla keçdi. Artıq darıxırıq ora üçün və əminik ki, Montenegroya yenə mütləq qayıdacayıq :)

Ümid edirəm bu yazı sizin Montenegro səfəriniz üçün kömək oldu ❤