Voyage Torba, Bodrum

Əvvəlcə onu qeyd edim ki, biz Bodrumu Türkiyənin başqa kurort şəhərlərindəmn daha çox sevirik. Niyə? Çünki Bodrumun havası, dənizinin rəngi, təbiəti və ümumiyyətlə atmosferi daha gözəldir. Günortaları çox isti deyil, axşamları isə bəzən yüngülvari üst geyim geyinəcək qədər sərin olur.

Keçək otelə. Voyage Torba – bu otel Torba deyilən rayonda yerləşir və Voyage şəbəkəsinə aiddir. Bu şəbəkənin Bodrumda bir neçə oteli var, amma biz araşdırarkən məhz Voyage Torbanı seçdik, çünki burada məhz uşaqlar üçün müxtəlif növ quru və su əyləncələri var və ümumiyyətlə otel özü ailəvi xarakter daşıyır. Ümumilikdə burada 3 böyük və 2 uşaq hovuzu yerləşir. Hər hovuzun ətrafında bar və kafe var. Yeməkxana (Ana Restoran) səhər yeməyi, nahar və şam yeməyi zamanı açıq olsa da, nahardan düz axşama kimi fəaliyyət göstərən 2 restoran var. Bundan başqa otelin ərazisində axşam öz şou proqramları və müxtəlif kontinental mətbəxləri ilə seçilən 7 A La Carte restoran var. Steakhouse və Teppanayaki restoranlarını çıxmaq şərtiylə digər beşinə ziyarət paketə daxildir və beləliklə 1 həftəlik istirahətə gəlmiş qonaq demək olar ki, hər axşamı fərqli restoranda keçirə bilər.

Uşaqlar üçün əyləncələrin sayı-hesabı yoxdu. Məsələn hər axşam saat 20:30-da amfiteatrda mini-disco başlayır. Dəniz sahili daşlı olmamasına baxmayaraq, orada da uşaqlar üçün ayrılmış xüsusi qumluq var. Burada müxtəlif irili-xırdalı oyuncaqlar və nəzarətçi xanımlar var. Mini Club deyilən hissədə isə qapalı və açıq oyun zalları, hovuz, kiçik aquapark, daha bir qumluq, uşaq yeməkxanası və hətta bağça kimi uşaqların yatması üçün yer də var. Təbii ki, burada da nəzarətçilər və animatorlar uşaqları darıxmağa qoymur. Eyni zamanda Mini Cluba aid içində 4 attraksion olan Luna Park var, hansı ki axşamlar işləməyə başlayır və o da pansion ödənişinə daxildir. Uşaqlar üçün avantaj çoxdur, məsələn bir neçə nöqtədə suda istifadə üçün bezlər qoyulub, kim istəsə limitsiz sayda götürə bilir. Uşaqları bildik, bəs valideynlər? Bizim üçün 24 saat işləyən kofe yeri və barlar var. Axşam 9-dan sonra burada çox adam uşağını kolyaskada yatızdırıb əylənirdi. Onu da qeyd edim ki, barlarda, kafelərdə olan içki və yeməklər hansısa tanımadığımız firmalara yox, tanıyıb bildiyimiz şirkətlərə aiddir. Məsələn dondurmalar Magnum, Cornetto, səhər yeməyinə müxtəlif növ fresh şirələr, bütün yeməklərdən sonra fərqli bitki çayları, şüşədə pivələr,  Bir də ayrıca çay evi və pattiserie var ki, onların da çox cozy abu-havası var.

Servisə və təmizliyə söz ola bilməz, amma bir minus var ki, standart nömrələr çox balacadır. Ona görə biz superior götürdük ki, necə deyərlər “hərəkət eləməyə yer olsun” J Amma otel o qədər gözəl və maraqlıdır ki, bu nüansa göz yummağ olar. Biz yenə bura qayıtmaq istəyərik.

 

P.S. Qiymətlər hər ay dəyişdiyi üçün sizə dəqiq məlumat verə bilməyəcəm. Ən yaxşısı güvəndiyiniz turagentliyə vaxtında müraciət edin ki, yaxşı qiymətə əldə etmək imkanınız olsun.